Ercan Kara yenidən Vyana “Rapid”ində

Türkiyənin “Samsunspor” klubunun mərkəz hücumçusu Ercan Kara bundan sonra Vyana “Rapid”inin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Avstriya klubunun rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub 29 yaşlı forvardı cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Əslən türk olan Ercan Kara Avstriyada dünyaya göz açıb və bu ölkənin vətəndaşlığını daşıyır. O, Avstriyanın “Slovan” klubunun yetirməsidir. Vyana “Austriya”sında, “Mauerverk”də və “Horn”da da oynamış hücumçu 2020-2022-ci illər aralığında məhz Vyana “Rapid”ində çıxış edib. Həmin vaxt forvard bu komandanın heyətində 84 oyun keçirib, 37 qol vurub, 16 məhsuldar ötürmə verib. “Rapid” 2020-ci ilin yanvarında 90 min avroya transfer etdiyi Ercanı 2022-ci ilin yanvarında 800 min avro müqabilində ABŞ klubu “Orlando”ya satıb. Kara 2023-cü ilin sentyabrında 150 min avro qarşılığında məhz “Orlando”dan “Konyaspor”a keçmişdi. Avstriyalı forvard Super Liqa təmsilçisinin heyətində 34 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Ercan 2021-ci ilin mart ayında debüt etdiyi Avstriya yığmasında 7 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı hücumçunun transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: