Erik Bayi Nərimana komanda yoldaşı oldu

Bu yay İspaniyanın “Real Ovyedo” klubundan azad agent kimi ayrılmış Kot-d’İvuar millisinin müdafiəçisi Erik Bayi “Kolumbus Kru”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

MLS təmsilçisi Erik Bayini azad agent qismində heyətinə qatdığını rəsmən açıqlayıb. 32 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Sazişdə əməkdaşlığın 2029-cu ilə qədər uzadılması imkanı da nəzərdə tutulub.

Bayi 2025/2026-cı illər mövsümündə İspaniyanın “Real Ovyedo” klubunda çıxış edib. O, burada bütün turnirlər çərçivəsində 16 oyunda meydana çıxaraq 1 qol vurub.

Təcrübəli müdafiəçi karyerası ərzində İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və “Espanyol”, Fransanın “Olimpik” (Marsel), həmçinin Türkiyənin “Beşiktaş” klublarının da formasını geyinib.

Erik Bayi 2015-ci ildə debüt etdiyi ölkəsinin yığma komandasında da 49 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, “Kolumbus Kru”da Azərbaycan millisinin cinah hücumçusu Nəriman Axundzadə də forma geyinir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: