Erik ten Haq Matteys de Liqt və Skott Maktomineydən danışdı

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Bayern”in müdafiəçisi Matteys de Liqtlə bağlı məlumatlara münasibətini bildirib.

Arena.az xəbər verir ki, niderlandlı mütəxəssisin həmyerlisinin adı “Mançester Yunayted”lə birgə hallanır.

“Qırmızı şeytanlar”ın ən qısa zamanda bu transferi bitirmək istədiyi qeyd olunur. Erik Ten Haqın bu barədə fikrini təqdim edirik:

“Matteys de Liqtin transfer edilib-edilməyəcəyi hələlik məlum deyil. Mən onu yaxşı tanıyıram. Mən iki il əvvəl onunla müqavilə bağlamaq istəyirdim, amma o, artıq “Bayern”lə möhkəm bağlı idi”, deyə Ten Haq açıqlayıb.

Erik ten Haq “Mançester Yunayted”in şotland yarımmüdafiəçi Skott Maktomineyin “qırmızı şeytanlar”ın düşərgəsini tərk edəcəyi haqda yayılan şayiələri də cavablayıb. Daha əvvəl mətbuatda, 27 yaşlı futbolçu ilə “Fulhem”, “Tottenhem” və “Qalatasaray”ın maraqlandığı barədə məlumat yayılmışdı.

“Çox yaxşı oyunçularımız var, ona görə də başqa klublardan həmişə maraq olacaq. Mövsümdə 10 qol vurursansa və Şotlandiya yığması üçün yaxşı çıxış edirsənsə – maraq olacaq. Amma biz onu saxlamaq istəyirik, çünki o, komandamız üçün çox vacib oyunçudur”, deyə niderlandlı mütəxəssis vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: