“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq PSJ-nin hücumçusu Neymarın komandasına cəlb edilməsi haqda suala aydınlıq gətirib.
Arena.az xəbər verir ki, holland mütəxəssis bu barədə konkret mövqeyi ilə diqqət çəkib.
Erik ten Haq hər hansı məlumat olarsa, klubun bu haqda açıqlama verəcəyini bildirib:
“Mən “Mançester Yunayted”in Neymara olan marağı haqda şayiələri necə şərh edə bilərəm ki? Məlumatımız olan kimi… Biz bu haqda sizə danışacağıq”, deyə “Football Daily” nəşrinin “Twitter” hesabı sitat gətirib.
Xatırladaq ki, bir müddət əvvəl Fransa KİV-də “Mançester Yunayted”in artıq Neymarla danışıqlara başlaması haqqında xəbərlər yayılmışdı. Guya “qırmızı şeytanlar” braziliyalı hücumçunu icarəyə götürmək fikrində olsalar da, PSJ ulduz futbolçunu tam transferində maraqlıdır.
Neymar 2017-ci ilin avqustunda 222 milyon avro qarşılığında İspaniyanın “Barselona” klubundan PSJ-yə keçib. 31 yaşlı hücumçu Paris təmsilçisində 173 oyuna çıxıb, 118 qol vurub, 77 asistə imza atıb. O, daha öncə “Barselona” (186 oyun, 105 qol, 76 asist) və “Santos”da (134 oyun, 70 qol, 35 asist) da oynayıb. Braziliya yığmasında 124 oyuna 77 qol vurmuş futbolçunun bu yay PSJ-dən ayrılması gözlənilir. Buna səbəb onun Fransa klubunun fanatları tərəfindən sevilməməsidir. Belə ki, parislilər klub rəhbərliyindən Lionel Messi və Marko Verratti ilə yanaşı, Neymarın da komandadan kənarlaşdırılmasını tələb edirlər.


