Erlinq Haland 72 il sonra DÇ-də bunu bacaran ilk futbolçu oldu

Norveç millisinin hücumçusu Erlinq Haland dünya çempionatlarında son 72 ildə ilk üç oyunun hər birində qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Arena.az xatırladır ki, DÇ-2026 Halandın mundiallarda debütüdür.

25 yaşlı hücumçu turnirdə keçirdiyi ilk üç matçın hamısında fərqlənərək ümumilikdə 5 qol vurub. O, qrup mərhələsində İraq (4:1) və Seneqal (3:2) millilərinə qarşı oyunlarda dubla imza atıb, 1/16 finalda isə Kot-d’İvuar üzərində 2:1 hesablı qələbə qazandıqları görüşdə həlledici qolu vurub. Haland qrup mərhələsinin Fransa ilə son oyununda (1:4) iştirak etməyib.

Dünya çempionatları tarixində Halanndan əvvəl yalnız iki futbolçu mundial karyerasının ilk üç oyununun hamısında qol vurmağı bacarmışdı. Bunlar Argentina millisinin sabiq hücumçusu Gilyermo Stabile (1930) və Macarıstan əfsanəsi Şandor Koçiş (1954) olub. Koçiş həmin seriyanı dörd oyuna qədər davam etdirməyi də bacarmışdı.

2022-ci ildən “Mançester Siti”nin formasını geyinən Erlinq Haland bu müddətdə 3 dəfə İngiltərə Premyer Liqasının bombardiri olub. O, klubla birlikdə 2 Premyer Liqa, 2 İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku, İngiltərə Super Kuboku, UEFA Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi adını qazanıb.

Norveçli futbolçu peşəkar karyerası ərzində ölkəsinin “Bryune” və “Mölde”, Avstriyanın “Zalsburq”, Almaniyanın isə “Borussiya” (Dortmund) klublarında da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: