Erlinq Haland DÇ-də 56 və 52 illik rekordları təkrarladı

Norveç millisinin hücumçusu Erlinq Haland DÇ-2026-da vurduğu qollarla mundial tarixində uzun illərdir yenilənməyən rekordlara şərik olub.

Arena.az xəbər verir ki, Haland 1/8 finalda Braziliya yığmasına qarşı oyunda dubl edərək turnirdəki qol sayını 7-yə çatdırıb.

Bununla o, bombardirlər siyahısında Lionel Messi və Kilian Mbappe ilə birlikdə ilk pilləni bölüşür. Argentinalı hücumçunun isə hələ 1/8 final görüşü qarşıdadır.

Bu, 25 yaşlı forvardın karyerasında ilk dünya çempionatıdır. O, debüt mundialında 7 qol vurmuş ilk futbolçu kimi son 52 ilin rekordunu təkrarlayıb. Bundan əvvəl buna sonuncu dəfə 1974-cü ildə Polşa millisinin hücumçusu Qjeqoj Lyato nail olmuşdu. Mundial tarixində debüt turnirində ən çox qol vuran futbolçu isə 1958-ci ildə 13 dəfə fərqlənmiş Fransa millisinin əfsanəsi Jüst Fonten olaraq qalır.

Bununla yanaşı, Erlinq Haland dünya çempionatındakı ilk dörd oyununda 7 qol vurmuş ilk futbolçu kimi son 56 ilin rekorduna da şərik çıxıb. Bu göstəriciyə ondan əvvəl yalnız Almaniya millisinin əfsanəvi bombardiri Gerd Müller 1970-ci il dünya çempionatında imza atmışdı.

Norveçli hücumçu bu mundialda İraq, Seneqal və Braziliya millilərinə qarşı keçirdikləri oyunlarda hərəyə 2, Kot-d’İvuarla görüşdə isə 1 qol vurub.

Qeyd edək ki, bu, Norveç millisinin 1998-ci ildən sonra iştirak etdiyi ilk dünya çempionatıdır. Komanda 1/4 finalda Meksika – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.

Erlinq Haland 2022-ci ildən İngiltərənin “Mançester Siti” klubunda çıxış edir. O, bu müddətdə üç dəfə İngiltərə Premyer Liqasının bombardiri olub, klubla iki çempionluq, iki İngiltərə Kuboku, həmçinin UEFA Çempionlar Liqası, UEFA Super Kuboku, İngiltərə Liqa Kuboku və İngiltərə Super Kubokunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: