“Mançester Siti”nin mərkəz hücumçusu Erlinq Haland 2025-ci ilin yekunlarına əsasən Norveçdə ilin ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bu mükafatı ardıcıl 6-cı dəfə qazanıb.
Bu ada layiq görülmüş sonuncu fərqli oyunçu 2019-cu ildə Martin Edeqor olub.
Haland 2025-ci ildə “Mançester Siti”nin heyətində meydana çıxdığı 49 matçda 42 qola, 8 məhsuldar ötürməyə imza atıb. Hücumçu Norveç millisinin heyətində iştirak etdiyi 10 matçda isə 17 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 26 qol vurub, 4 məhsuldar ötürmə verib.
Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 174 oyun, 150 qol və 25 məhsuldar ötürmədən ibarətdir.
Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 48 oyuna 55 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.


