“Mançester Siti”nin 24 yaşlı norveçli mərkəz hücumçusu Erlinq Haland statistiki göstəricisi ilə diqqət çəkib.
Arena.az məlumat verir ki, “qolçu vikinq” futbolçu karyerası ərzində 300 qol həddinə müasir futbolun ulduz hücumçuları – Kristiano Ronaldo, Lionel Messi və Kilian Mbappedən daha tez çatması ilə fərqlənib.
Karyerasında 300-cü qolunu vurmaq üçün Halanda 370 oyun kifayət edib. “Qolçu vikinq” buna 2025-ci il FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin “Yuventus”la 3-cü tur oyununda (5:2) müvəffəq olub.
Ronaldo müvafiq həddə 554 oyuna, Messi 418 oyuna, Mbappe isə 409 oyuna çatıb.
Ümumilikdə Haland futbolçu karyerası ərzində 371 oyun keçirib, 301 qol vurub.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.
Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 34 qol vurub, 5 məhsuldar ötürmə verib.
Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 146 oyun, 124 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 43 oyuna 42 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


