Ermedin Demiroviç “Auqsburq”u “Ştutqart”a dəyişdi – 21 milyona

“Auqsburq”un bosniyalı mərkəz hücumçusu Ermedin Demiroviç bundan sonra Bundesliqanın digər təmsilçisi “Ştutqart”ın şərəfini qoruyacaq.

Arena.az bu barədə “Ştutqart”ın rəsmi saytına istinadən məlumat verir.

Alman klubu bosniyalı futbolçu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Transfer “Ştutqart”a 21 milyon avro məbləğində başa gəlib.

Ermedin Demiroviç futbola “Hamburq”da qədəm qoyub. Bosniyalı hücumçu karyerası ərzində “Leypsiq”, “Alaves”, “Şoşo”, “Almeriya”, “Sankt-Qallen”, “Frayburq” və “Auqsburq”da oynayıb.

Geridə qalmiş 2023/2024-cü illər mövsümündə Demiroviç “Auqsburq”un heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 15 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

26 yaşlı Demiroviç 2021-ci ilin martında debüt etdiyi Bosniya və Herseqovina millisinin heyətində 26 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Auqsburq”da daha 3 ayrılıq…

“Auqsburq” təcrübəli hücumçusu Sven Mişeli də “Paderborn”a satıb. Bundesliqa klubu bu satışdan 300 min avro qazanıb.

34 yaşlı alman hücumçu 2023-cü ilin iyul ayından “Union Berlin”dən 950 avro qarşılığında “Auqsburq”a keçmişdi. Təcrübəli forvard bu komandanın heyətində 23 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb. O, daha öncə uzun illər “Paderborn”un formasını geyinib. Hücumçu “Enerji Kottbus”, “Union Berlin” kimi klubların da uğurları üçün çalışıb.

“Auqsburq” xorvatiyalı hücumçusu Dion Belyonu da Avstriyanın “Rapid” (Vyana) klubuna icarəyə verib. 22 yaşlı forvard qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Dion Belyo “Auqsburq”a 2023-cü ilin yanvarında “Osiyek”dən 3 milyon avro qarşılığında keçib. O, Almaniya klubunun heyətində 45 oyuna 5 qol vurub, 3 məhsuldar ötürmə verib. Dion daha öncə ölkəsində “Osiyek” və “İstra”nın formasını geyinib, Xorvatiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb, həmçinin əsas millidə 2 matça çıxıb.

Braziliyalı müdafiəçi Yaqo Amaral Borduşi isə “Auqsburq”dan azad agent kimi ayrılaraq vətəninə qayıdıb. 27 yaşlı müdafiəçi bundan sonra “Bahia”nın uğurları üçün çalışacaq. O, yeni klubu ilə 2028-ci ilin 31 dekabrına kimi anlaşıb.

“İnternasional”ın yetirməsi olan Yaqo, Almaniya klubuna 2019-cu ilin iyulunda 6,5 milyon avro müqabilində transfer edilmişdi. O, Bundesliqa klubunun heyətində 107 oyuna çıxıb, 5 qol vurub, 14 assist müəllifi olub. Sol cinah müdafiəçisi Braziliyanın U-20 və U-23 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

…və bir yeni oyunçu

“Auqsburq” heyətinə yeni futbolçu da cəlb edib. Bundesliqa klubu Fransanın “Brest” klubundan azad agent kimi ayrılmış hücumçu Stiv Munyeni heyətinə qatıb. 29 yaşlı forvardla 3 illik sözləşmə imzalanıb.

Stiv Munye “Monpelye”nin yetirməsidir. O, “Haddersfild” və “Nim Olimpik” klublarıdnda da forma geyinib. Beninli forvard 2020-ci ildən formasını geyindiyi “Brest”də 135 oyuna 33 qol vurub, 9 assistlə yadda qalıb.

2015-ci ildən Benin yığmasında çıxış edən Munye, millinin heyətində 53 oyuna çıxıb, 17 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: