Eşli Yanq daha bir il “Everton”da

İngiltərə milli komandasının sabiq futbolçusu, yarımmüdafiəçi Eşli Yanq “Everton” klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən məlumat verir.

38 yaşlı yarımmüdafiəçi “şirlər”lə 1 illik yeni müqavilə bağlayıb. O, 2024/2025 mövsümünün sonunadək bu komandanın uğurları üçün çalışmağa davam edəcək.

Eşli Yanq 2023-cü ilin iyul ayından “Everton”da çıxış edir. O, geridə qalmış 2023/2024 mövsümündə bu komandanın heyətində 34 oyuna çıxıb, 1 qol vurub.

Təcrübəli yarımmüdafiəçi ölkəsində “Aston Villa” (247 oyun, 38 qol, 60 assist), “Uotford” (110 oyun, 22 qol, 9 asist) və “Mançester Yunayted” (261 oyun, 19 qol, 43 assist) klublarının da uğurları üçün çalışıb. Ulduz futbolçu məhz “qırmızı şeytanlar”ın formasını geyindiyi dönəmdə daha çox parlayıb. 2020/21 mövsümündə isə Yanq İtaliyanın “İnter” klubunda legioner həyatı yaşayıb – 59 oyun, 5 qol, 9 asist.

Müdafiəçi İngiltərə millisinin forması ilə meydana çıxdığı 39 matçda 7 qol vurub. Yaşlı futbolçunun bu yay karyerasını başa vurması gözlənilsə də, o, daha bir il oynamağa qərar verib.

“Everton” “Lids Yunayted”in sağ vingeri Cek Harrisonu da yenidən heyətinə qatıb. 27 yaşlı ingilis futbolçu geridə qalmış mövsümdə “Everton”da icarə əsasında 35 oyuna 4 qol vurub, 3 assist edib. Klub onun çıxışından razı qaldığı üçün, yarımmüdafiəçini daha bir illik icarəyə götürüb.

Cek Harrison karyerası ərzində “Lids Yunayted”, “Nyu York Siti”, “Midlsbro” kimi klublarda da forma geyinib, İngiltərənin U-21 yığmasında oynayıb.

“Everton” “Aston Villa”nın mərkəz yarımmüdafiəçisi Tim İroqbunamı da heyətinə qatıb. 20 yaşlı ingilis futbolçu ilə 3 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. Premyer Liqa təmsilçisi bu transfer üçün 10,7 milyon avro ödəyib.

Tim İroqbunam “Aston Villa”nın yetirməsidir. O, bu klubun əsas komandasında 19 oyuna çıxıb. QPR-də icarədə olmuş futbolçu bu komandada 32 oyuna 2 qol vurub.