Estoniya – Azərbaycan oyunu alman hakimlərə tapşırıldı

Futbol üzrə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya – Azərbaycan matçının hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, UEFA Tallində baş tutacaq bu qarşılaşmanı Almaniyadan olan hakimlər briqadasına həvalə edib.

Oyunun baş hakimi Robert Şröder olacaq. Ona yan xətt hakimləri Kristian Gittelman və Robert Vessel kömək edəcəklər. Dördüncü hakim funksiyasını Florian Badstübner yerinə yetirəcək.

Qeyd edək ki, Robert Şröder 2015-ci ildən beynəlxalq oyunlara təyinat alır. 38 yaşlı ədalət təmsilçisi ilk dəfə əsas yığmaların seçmə görüşündə baş hakim olacaq. Almaniyalı FİFA referisi daha əvvəl U-21, U-19 və U-18 millilərinin yoldaşlıq matçlarını idarə edib. Şröder cari mövsüm avrokuboklarda yalnız postsovet ölkələrinin komandalarının oyununda iş başında olub. O, Avropa Konfrans Liqasında “Debretsen” (Macarıstan) – “Alaşkert” (Ermənistan) və “Tvente” (Niderland) – “Riqa” (Latviya) qarşılaşmalarında ədaləti qoruyub.

Almaniya Bundesliqasına da təyinat alan referi bu növsüm Dortmund “Borussiya”sının “Bohum”la (1:1) heç-heçə etdiyi və “Bayern”in iki gün əvvəl “Frayburq”a 3:0 hesabı ilə qalib gəldiyi görüşü idarə edib.

Xatırladaq ki, oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: