Evanilson, Qrifo və Ebimbe – Həftənin ən yaxşıları!

Portuqaliyanın “Portu” klubunun hücumçusu Evanilson UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xatırladaq ki, Evanilson səfərdə Belçika “Antverpen”inə 4:1 hesabıyla qalib gəldikləri oyunda het-trikə imza atıb. Nəticədə o, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğuda qalib olub və həftənin oyunçusu seçilib.

UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına bu futbolçular da namizəd idilər: Qabriel Jezus (“Arsenal”, İngiltərə), David Raum (“Leypsiq”, Almaniya), Santyaqo Ximenes (“Feyenoord”, Niderland).

Avropa Liqasında və Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçuları məlum olub. Avroliqada Almaniyanın “Frayburq” klubunun hücumçusu Vinçentso Qrifo ən yaxşı elan edilib. O, bu ada digər namizədlər – Rayan Qravenberx (“Liverpul”, İngiltərə), Florian Virts (“Bayer”, Almaniya) və Volf Eykremi (“Molde”, Norveç) geridə qoyub.

Xatırladaq ki, Vinçentso Qrifo Serbiyanın “Baçka Topola” komandasına 3:1 hesabıyla qalib gəldikləri səfər oyununda het-triik müəllifi olmuşdu.

Avropa Konfrans Liqasında da Erik Junior Dina Ebimbe həftənin ən yaxşısı elan edilib. Almaniyanın “Ayntraxt” klubunun qolçusu doğma meydanda Finlandiyanın HJK komandasına 6:0 hesabıyla qalib gəldikləri görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. O, həftənin ən yaxşısı adına digər namizədlər – Lukas Beltran (“Fiorentina”, İtaliya), Miha Zayç (“Fənərbaxça”, Türkiyə) və Hüqo Kuypersi (“Gent”, Belçika) qabaqlamağa nail olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: