“Everton” azarkeşləri səmadan ismarış ünvanladılar: “Rüşvətxorlar”

Maliyyə feyr-pleyi qaydalarının pozulmasına görə turnir cədvəlində 10 xalından məhrum edilmiş “Everton”a azarkeşlərinin dəstəyi davam edir.

Arena.az məlumat verir ki, bu dəfə sözügedən klubun azarkeşləri etiraz səsini İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş mərkəzi görüşdə – “Mançester Siti” – “Arsenal” oyununda ucaldıblar.

“Everton” tərəfdarları təyyarə icarələyərək oyunun keçirildiyi “Etihad” stadionu üzərindən dövrə vurublar. Təyyarə azarkeşlər adından iri parça üzərində “Premier League = Corrupt” (Premyer Liqa korrupsiyaya uğrayıb) yazılmış ismarış dalğalandırıb. Hadisə tribunalarda səs-küylə müşayiət edilib.

Xatırladaq ki, daha əvvəl, Liverpul təmsilçisinin azarkeşləri Premyer Liqanın baş qərargahının binasına qarşısında etiraz tədbiri keçirmişdilər. Tərfdarlar bayraqlar və üzərində “rüşvətxorlar” yazılmış lövhələrlərlə tədbirə qatılmışdılar. Həmçinin “irislər”in azarkeşləri bu hərəkatın İngiltərə futbol hakimiyyətinin qərarından narazılıqları ilə bağlı etiraz tədbirinin yalnız başlanğıcı olduğunu da bildirmişdilər.

Xatırladaq ki, daha əvvəl hesabından 10 xal silinmiş “Everton” hazırda 12 tura əsasən 4 xalla Premyer Liqanın turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Cari mövsümdə avrokuboklara vəsiqə uğrunda mübarizəni hədəfləmiş komanda indi mövsümün qalan hissəsini Premyer Liqanın zirzəmisindən qurtulmaq uğrunda mübarizəyə həsr etməli olacaq.

Həmçinin klub rəhbərliyi Premyer Liqanın müvafiq qərarından şikayətçi olacağını da rəsmən bəyan edib.

Vurğulayaq ki, hazırda “Mançester Siti” də maliyyə-feyr pleyi qaydalarının pozulması ilə bağlı Premyer Liqa rəhbərliyinin təhqiqat obyektinə çevrilib. “Şəhərlilər”in araşdırılmasına dair vəziyyətin nə yerdə olduğu hələ məlum olmasa da, təqsirkar olacağı halda, klubu xal cəriməsindən tutmuş, titullarından məhrum edilib və aşağı diviziona atılmağa qədər cəzalarla üzləşə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: