Ezekyel Qaray karyerasını başa vurdu

Futbol üzrə Argentina millisinin sabiq müdafiəçisi Ezekyel Qaray karyerasını başa vurub. Arena.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:

“Bu gün peşəkar futbolçu karyeramla vidalaşıram. Etiraf edim ki, oynamağa davam etmək istəyirdim. Amma hər şey fərqli alındı və karyeramı istədiyimdən erkən başa vurmaq məcburiyyətində qaldım”.

Qeyd edək ki, peşəkar karyerasını 34 yaşında baş vuran futbolçu “Nyuells Old Boyz” klubunun yetirməsidir. O, peşəkar karyerasına da məhz bu komandada başlamışdı. 2005-ci ildə İspaniyaya üz tutan mərkəz müdafiəçisi, 2008-ci ilə qədər “Rasinq”in uğurları üçün çalışıb. 2008-də isə o, Madrid “Real”ına transfer olunub. Amma bu klubda möhkəmlənə bilmədiyinə görə 2008/09 mövsümündə icarə əsasında yenidən “Rasinq”ə dönüb. 2011-ci ildə “Real”dan ayrılan futbolçu Portuqaliyanın “Benfika” klubu ilə müqavilə bağlayıb. Burada üç il keçirən argentinalı, 2014-2016-cı illər aralığında da “Zenit”də (Rusiya) çıxış edib. 2016-cı ildə yenidən İspaniyaya dönən Qaray, 2020-ci ilə qədər “Valensiya”da oynayıb. Amma məhz bu klubda olarkən ağır zədə alan futbolçu ötən il La Liqa klubu ilə müqaviləsinə xitam vermək məcburiyyətində qalıb.

Ezekyel Qaray Argentina yığmasında 32 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: