Fərid Qayıbov martda uğur qazanmış idmançılarla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb. Arena.az xəbər verir ki, görüş bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutub.

Görüşdə mart ayı ərzində beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri iştirak ediblər. Tədbirin əvvəlində ötən ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Nazir ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün onları təbrik edib və yeni uğurlar arzulayıb.

Tədbirdə boks, bədii gimnastika, idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, stolüstü tennis, paraatletika, cüdo, paracüdo, sərbəst güləş, yunan-Roma güləşi, güllə atıcılığı, qılıncoynatma, taekvondo, karate, sumo, paraüzgüçülük yarışlarında ölkəmizə medal qazandırmış idmançılar çıxışlarında qələbələri haqqında ətraflı məlumat veriblər.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 70-dək medal qazanıblar. Bunu gənclər və idman naziri Fərid Qayıbov mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib.

Nazir yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, para-karate və digər idman növlərində uğurların olduğunu vurğulayıb.

F.Qayıbov 23 yaşadək sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl ikinci dəfə Avropa çempionu olduğunu xatırladıb: “3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamızın 140 xalla titulunu qoruması bu idman növündə sabaha nikbin baxmağa əsas verir”.

Xəbəri sosial şəbəkələrdə paylaş: