Bu yay Türkiyənin “Fatih Karagümrük” klubundan azad agent kimi ayrılmış italyan hücumçu Fabio Borini “Sampdoriya”ya keçib.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
32 yaşlı hücumçu ilə “Sampdoriya” arasında iki mövsümlük – 2025-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Fabio Borini 2021-ci ilin yanvarında qoşulduğu “Fatih Karagümrük”də bütövükdə 75 oyuna çıxıb. İtaliyadan olan 32 yaşlı sol cinah vingeri bu oyunlarda 36 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.
Borini karyerası ərzində “Çelsi”, “Suonsi Siti”, “Parma”, “Roma”, “Liverpul”, “Sanderlend”, “Milan” və “Verona” kimi klublarda da forma geyinib. O, İtaliyanın əsas millisində də 1 oyun keçirib.
2022/2023 mövsümündə italiyan hücumçu “Fatih Karagümrük” komandasının heyətində 31 oyuna çıxıb, 21 qol vurub, 9 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Fabio Borinini 2,8 milyon avro məbləğində qiymətləndirir.
Geridə qalmış 2022/2023 mövsümünü A Seriyasının sonuncu pilləsində başa vurmuş “Sampdoriya”, qarşıdakı mövsümdə B Seryiasında mübarizə aparacaq. Yeri gəlmişkən, “Sampdoriya” müqavilə ilə “Frozinone”yə məxsus olan, amma geridə qalmış mövsümü Borini ilə birlikdə “Fatih Karagümrük”də keçirmiş Matteo Riççini də heyətinə qatıb. Genuya klubu 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlayıb.

Riççi ötən mövsüm Türkiyə klubunun heyətində 19 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Roma”nın yetirməsi olan futbolçu “Qrosseto”, “Karpi”, “Pistoyese”, “Piza”, “Peruca”, “Salernitana”, “Spetsiya” kimi klublarda da forma geyinib. O, İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamasına baxmayaraq, əsas millidə debüt şansı qazanmayıb.
Xatırladaq ki, hər iki futbolçu Türkiyə klubunda həmyerliləri Andrea Pirlonun rəhbərliyi altında çıxış edirdi. Onlar Genuya klubunda da məhz Pirlonun rəhbərliyi altında oynayacaqlar. Çünki bu yay italiyalı mütəxəssis də İstanbul təmsilçisindən ayrılaraq “Sampdoriya”nın baş məşqçisi təyin olunub.


