Fabio Kvalyarella futbolçu karyerasını bitirdiyini açıqladı

“Sampdoriya”nın 40 yaşlı italyan sabiq mərkəz hücumçusu Fabio Kvalyarella futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Arena.az bu barədə “Sky Sport Italia” dərgisinə istinadən məlumat verir.

“Bəli, mən istər-istəməz karyeramı bitirirəm. Bəlkə də klub tapa bildim, amma meydana çıxmaq üçün qəbuledilməz fiziki vəziyyətdəyəm.

Arzularım həmişə olacaq. Bunlardan biri də futbol dünyasında qalmaq və orada mənə daha yaxın olan rolun nə olduğunu anlamaqdır. Ancaq mənim üçün hansı yolun düzgün olduğunu başa düşmək üçün qarşıda çox vaxtım var”, deyə Kvalyarella bildirib.

Karyerası boyunca Kvalyarella “Florentia”, “Askoli”, “Napoli”, “Kyeti”, “Udineze”, “Yuventus”, “Torino” komandalarında çıxış edib. Fabionun son klubu “B” seriyasında çıxış edən “Sampdoriya” olub. Kvalyarella karyerasının böyük hissəsini də məhz “Sampdoriya”da çıxış edib və ən yüksək oyun göstəricilərinə də burada nail olub: 293 oyun, 106 qol, 27 məhsuldar ötürmə. Fabio “Yuventus”la 3 dəfə İtaliya çempionu olub, 2 dəfə İtaliya Super Kubokunu qazanıb. Həmçinin Kvalyarella 26 qolla 2018/2019 mövsümü A Seriyasının ən sərrast futbolçusu olub.

Fabio Kvalyarella 2007-ci ilin martında debüt etdyi İtaliya yığmasının heyətində 29 oyuna çıxıb, 8 qol vurub, 5 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: