Fabio Qrosso – “Fiorentina”nın yeni baş məşqçisi!

Futbol üzrə İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümündə uğursuz çıxış etmiş “Fiorentina”nı bundan sonra Fabio Qrosso çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, italyan mütəxəssislə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

“Biz Fabio Qrossonu “Fiorentina”da salamlamaqdan çox şadıq. Fabio təkcə dünya çempionu deyil, o, komandalara rəhbərlik etmək və mühüm tapşırıqların öhdəsindən gəlmək bacarığını nümayiş etdirərək, gərgin əmək, ideyalar və nəticələrlə öz yolunu açan bir məşqçidir. Çətin bir mövsümdən sonra biz enerji, ambisiyalar və məsuliyyətlə yeni bir səhifə açmaq istəyirik”, – klubun prezidenti Cüzeppe Komisso bildirib.

Xatırladaq ki, “Fiorentina” mövsüm başa çatan kimi baş məşqçisi Paolo Vanoli ilə yollarını ayırmışdı. “Bənövşəyilər” ötən mövsümü A Seriyasında 15-ci yerdə başa vurublar. Florensiya təmsilçisi keçirdiyi 38 matçda 9 qələbə qazanıb, 15 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb. Komanda həmçinin Avropa Konfrans Liqasının 1/4 finalına yüksəlsə də, bu mərhələdə İngiltərənin “Kristal Pelas” komandasına məğlub olaraq mübarizəni dayandırıb.

Paolo Vanoli 2025-ci ilin noyabr ayından “Fiorentina”ya rəhbərlik edirdi. 53 yaşlı mütəxəssis bu komandanı 38 oyuna çıxarıb, 14 qələbə, 11 heç-heçə, 13 məğlubiyyət görüb.

Vanoli daha öncə “Torino”, “Venesiya”, “Spartak” (Mosvka) komandalarına, həmçinin İtaliyanın U-16, U-18 və U-19 yığmalarına da rəhbərlik edib.

Fabio Qrosso isə son mövsümü “Sassuolo”da keçirib. O, 2024-cü ilin iyun ayından bəri bu komandada çalışırdı. Qrossonun rəhbərliyi altında komanda yenidən İtaliyanın yüksək divizionuna qayıtmağı bacarmışdı. Geridə qalmış mövsümdə isə komanda turnir cədvəlini 49 xalla 11-ci pillədə tamamlayıb. Sözügedən kollektiv 38 oyunda 14 qələbə qazanıb, 7 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.

“Sassuolo” Qrossonun rəhbərliyi altında bütövlükdə 81 oyun keçirib, 42 qələbə, 14 heç-heçə və 25 məğlubiyyət görüb.

Qrosso daha öncə “Bari”, “Verona”, “Breşiya”, “Sion”, “Frozinone” və “Olimpik” (Lion) komandalarını da çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: