Fabreqas Varanın “Komo”ya qoşulması haqda danışdı

“Komo”nun baş məşqçisi Sesk Fabreqas fransalı mərkəz müdafiəçisi Rafael Varanın azad agent qismində komandasına qoşulamsından danışıb.

Arena.az “Komo”nun mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Rafael xüsusi oyunçudur. Onun keçidi klubumuzun sahib olduğu iddiaların təsdiqidir. O, karyerasında çoxlu qənimətlər qazanıb. Onun iştirak etdiyi iki dünya çempionatında qazandığı təcrübəni qiymətləndirməmək olmaz. Onunla işləməyə başlamaq intizarındayam”, deyə Fabreqas bildirib.

Xatırladaq ki, daha əvvəl, Varan “Komo”ya keçidi münasibətilə verdiyi müsahibəsində italyan klubunun idman layihəsinin bənzərsiz və iddialı olduğunu sezərək, müvafiq keçid qərarını verdiyini açıqlamışdı.

Bu yay “Mançester Yunayted”dən azad agent kimi ayrılmış Rafael Varan “Komo” ilə 2+1 illik müqavilə imzalayıb. O, 2021-ci ilin avqust ayından Mançester klubunda çıxış edirdi. 31 yaşlı futbolçu ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər çərçivəsində 30 oyun keçirib və 1 qol vurub. Varanın “Mançester Yunayted” karyerası bütövlükdə 95 oyun, 2 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Varan daha öncə “Real” və “Lans” klublarında forma geyinib. Onun futboldakı əsas uğurları da məhz İspaniya klubu ilə bağlıdır. Rafa Madrid nəhənginin heyətində çoxsaylı titullara sahib çıxıb, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Varan 2013-cü ilin mart ayında debüt etdiyi Fransa milli komandasında 93 oyun keçirib. Müdafiəçi bu görüşlərdə 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, yığmanın heyətində DÇ-2018-in qalibi olub.