Fahrudin Omeroviç “Konyaspor”un yeni baş məşqçisi təyin edildi

Bosniya və Herseqovinadan olan mütəxəssis Fahrudin Omeroviç Türkiyənin “Konyaspor” komandasının yeni baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandanı bu mövsümün sonuna kimi 62 yaşlı mütəxəssis çalışdıracaq. Bosniyalı məşqçi ilə yarım mövsümlük müqavilə imzalanıb.

Omeroviç Konya təmsilçisinin sükanı arxasında bir müddət öncə istefaya göndərilmiş Hakan Keleşi əvəz edib. O, ötən həftə Super Liqa çərçivəsində baş tutan “Fənərbaxça” ilə oyundakı 1:7 hesablı məğlubiyyətdən sonra postundan ayrılmağa qərar vermişdi.

Fahrudin Omeroviç uzun illərdir Türkiyənin müxtəlif klublarında köməkçi məşqçi kimi çalışırdı. O, vaxtilə “İstanbulspor”da baş məşqçi də olub. Müxtəlif illərdə “Konyaspor”da da köməkçi məşqçi olmuş təcrübəli mütəxəssis bu dəfə sözügedən komandanın baş məşqçisi olub.

“Konyaspor” Türkiyə Super Liqasının 2023/2024 mövsümündə 20 turdan sonra 19 xalla 18-ci pillədə qərarlaşıb və elitanı tərk etməyə əsas namizədlərdən birinə çevrilib.

Yeri gəlmişkən, “Konyaspor” heyətinə yeni futbolçu cəlb edib. Super Liqa təmsilçisi İsveçin “Elfsborq” klubunda forma geyinən Emmanuel Boatenqlə güclənib. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Qanadan olan 26 yaşlı dayaq yarımmüdafiəçisi artıq Türkiyədədir. O, tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Emmanuel Boatenq “Elfsborq”a 2021-ci ilin avqustunda Təl-Əviv “Hapoel”indən 200 min avro qarşılığında keçib. O, bu komandada 53 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. Boatenq daha öncə “Aduana Stars”ın da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: