“Qalatasaray”dan ayırandan bəri 2 ilə yaxındır işsiz olan Fatih Terim Yunanıstanın “Panatinaikos” komandasının baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
70 yaşlı mütəxəssis sabah Afinaya gedərək Super Liqa təmsilçisi ilə rəsmi müqaviləyə imza atması planlaşdırılıb. Müqavilənin müddəti hələlik açıqlanmır. Amma daha öncə tərəflərin ilyarımlıq müqavilə ilə bağlı razılığa gəldiyi bildirilmişdi.
Terim “Panatinaikos”da bu gün istefaya göndərilmiş İvan Yovanoviçi əvəz edib. O, 2,5 il idi bu komandaya rəhbərlik edirdi. Yunanıstan klubu bu mütəxəssisin rəhbərliyi altında 113 oyun keçirib, 64 qələbə qazanıb.
Ötən il Yunanıstan Super Liqasında mövsümün əsas hissəsini lider kimi başa vuran “Panatinaikos” pley-offda çempionluğu AEK-ə uduzmuşdu. Bu mövsüm Afina təmsilçisi 15 turu geridə qalan liqada 34 xal toplayaraq lider PAOK-dan sonra 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Fatih Terim son olaraq 2017-ci ilin dekabrından 2022-ci ilin yanvarına kimi “Qalatasaray”a rəhbərlik edib. Ötən ilin əvvəlindən işsiz olan Terim daha öncə 1996-2000, 2002-2004 və 2011-2013-cü illər aralıqlarında da İstanbul təmsilçisində baş məşqçi kimi çalışıb. O, “sarı-qırmızılar”ı bütövlükdə 8 dəfə Türkiyə çempionu edib, 3 dəfə ölkə kubokunu qazandırıb. Bu komanda yeganə UEFA Kubokunu da məhz Terimin rəhbərliyi altında qazanıb. Terimin dönəmində klub 3 dəfə Super Kubokda da uğura sevinib.
Təcrübəli mütəxəssis daha öncə İtaliyanın “Fiorentina” və “Milan” klublarında da baş məşqçi olub. O, məşqçilik karyerası ərzində “Ankaragücü”, “Göztəpə” klublarına, Türkiyə yığmasında (2 dəfə) və Türkiyənin U-21 yığmasında da çalışıb.


