“Qalatasaray”la yollarını ayırandan bəri 2 ilə yaxındır işsiz olan Fatih Terim Yunanıstanın “Panatinaikos” komandasını çalışdıra bilər.
Arena.az xəbər verir ki, 70 yaşlı mütəxəssisin Super Liqa təmsilçisi ilə prinsipial razılığa gəldiyi iddia olunur.
Klub rəhbərliyi ilə türkiyəli mütəxəssis arasıdakı ilkin danışıqlar uğurlu alınıb. Terimin sabah Yunanıstanın paytaxt Afinaya getməsi planlaşdırılır. O, klub rəsmiləri ilə son görüşünə qəti qərarını verəcək. Bu görüşdə razılıq əldə olunarsa, Terimin 1,5 illik müqavilə imzalayacağı gözlənilir.
Ötən il Yunanıstan Super Liqasında mövsümün əsas hissəsini lider kimi başa vuran “Panatinaikos” pley-offda çempionluğu AEK-ə uduzmuşdu. Bu mövsüm Afina təmsilçisi 15 turu geridə qalan liqada 34 xal toplayaraq lider PAOK-dan sonra 2-ci pillədə qərarlaşıb.
Terim “Panatinaikos”un baş məşqçisi olarsa, yanvarda 3-də “Olimpiakos”la derbidə debüt edəcək.
Fatih Terim son olaraq 2017-ci ilin dekabrından 2022-ci ilin yanvarına kimi “Qalatasaray”a rəhbərlik edib. Ötən ilin əvvəlindən işsiz olan Terim daha öncə 1996-2000, 2002-2004 və 2011-2013-cü illər aralıqlarında da İstanbul təmsilçisində baş məşqçi kimi çalışıb. O, “sarı-qırmızılar”ı bütövlükdə 8 dəfə Türkiyə çempionu edib, 3 dəfə ölkə kubokunu qazandırıb. Bu komanda yeganə UEFA Kubokunu da məhz Terimin rəhbərliyi altında qazanıb. Terimin dönəmində klub 3 dəfə Super Kubokda da uğura sevinib.
Təcrübəli mütəxəssis məşqçilik karyerası ərzində “Ankaragücü”, “Göztəpə”, “Fiorentina”, “Milan” kimi klublarda, Türkiyə yığmasında (2 dəfə) və Türkiyənin U-21 yığmasında da baş məşqçi olub.
Bahar Rüstəmzadə


