Federiko Redondo “İnter Mayami”ni “Elçe”yə dəyişdi

ABŞ klubu “İnter Mayami”nin dayaq yarımmüdafiəçisi Federiko Redondo bundan sonra “Elçe”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İspaniya klubu bu transfer üçün MLS təmsilçisinə 2,15 milyon avro ödəyib. “İnter Mayam”i Redondonun növbəti satışından müəyyən faiz alacaq. 22 yaşlı yarımmüdafiəçi “Elçe” ilə 5 illik müqavilə imzalayıb.

Federiko Redondo Argentinanın “Arxentinos” klubunun yetirməsidir. “İnter Mayami” yarımmüdafiəçini 2023-cü ilin fevralında 7,45 milyon avro müqabilində heyətinə qatmışdı. O, cari mövsümdə “İnter Mayami”nin heyətində 35 oyun keçirib. Redondonun MLS klubunun heyətindəki ümumi göstəricisi belədir: 60 oyun, 2 qol və 4 məhsuldar ötürmə.

İspaniyada dünyaya göz açmış Redondo Argentinanın U-20 və U-23 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: