“Real”ın yarımmüdafiəçisi Federiko Valverde Kilian Mbappenin Avropa Super Kubokunda “Atalanta”ya qarşı oyunda (2:0) çıxışını şərh edib.
Arena.az Valverdenin bu barədə fikrini təqdim edir:
“Mbappenin qol və qələbə ilə necə başladığını görmək çox xoşdur. Xüsusən də paltardəyişmə otağına təsir edə biləcək bütün söhbətlərdən sonra. Düşünürəm ki, o, çox adamı susdurub”, deyə Federiko Valverde vurğulayıb.
Xatırladaq ki, avqustun 14-də keçirilmiş UEFA Super Kuboku uğrunda “Atalanta”ya qarşı oyun (2:0) “Real”ın yeni transferi Mbappe üçün əlamətdar olub. Fransalı futbolçu debüt oyunundaca qol vurub və “Real”la ilk qənimətini qazanıb.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.
Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Cari mövsümdə isə artıq məlum olduğu kimi, Mbappe “Real” heyətində 1 oyun keçirib və 1 qol vurub.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 84 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.


