“Real”ın uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverde Madrid klubu ilə yeni uzunmüddətli müqavilə imzalayıb.
Arena.az bu barədə İspaniya klubunnu mətbuat xidmətinə istinadən məlumat verir.
Uruqvaylı yarımmüdafiəçinin “kral klubu” ilə yeni müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2027-ci ilin yayına qədər idi.
Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. Valverde karyerasına “Penyarol”da başlayıb, 2015/2016 mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017 mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018 mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb.
Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 16 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 220 oyun, 19 qol, 18 məhsuldar ötürmə.
Valverde “Kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2018, 2023) qalibi olub.
Valverde hazırda kapitanı olduğu, 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 53 oyun keçirib, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı Federiko Valverdeni 100 milyon avro məbləğində qiymətləndirir.


