“Real”ın yarımmüdafiəçisi Federiko Valverde komanda yoldaşı Toni Kroosun AÇ-2024-dən sonra futbolçu karyerasını bitirmək qərarını şərh edib.
Arena.az xəbər verir ki, uruqvaylı futbolçu Almaniya yığmasının yarımmüdafiəçisi barədə bunları dilə gətirib:
“O, mənim ailəmdə həmişə böyük hörmət və sevgi sahibi olacaq. Ailəsi bizi, onun etdiyi hər şeyin bir parçası olduğumuzu hiss etməyə sövq edirdi və hər gün, xüsusən də nəsə səhv olanda, o, bir neçə kəlmə ilə məni, özümü daha yaxşı hiss etməyə sövq edirdi. Onunla həmişə qəlb rahatlığı vardı”, deyə Federiko Valverde bildirib.
Xatırladaq ki, daha əvvəl Toni Kroos vətəni Almaniyada keçirilən Avropa çempionatından sonra peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb.
2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmiş Kroos, 2024-cü il Avropa çempionatında yığmaya köməyini təklif edib və yenidən bundestimin düşərgəsinə qayıdıb.
Toni Kroos Rostok “Hanza”sının yetirməsidir. Alman yarımmüdafiəçi əvvəllər “Bayer” və “Bayern”də çıxış edib və artıq, 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçdiyi “Real”da çıxışını başa vurduğunu elan edib. Alman yarımmüdafiəçinin İspaniya klubu ilə müqaviləsi cari mövsümün – iyun ayının sonunda rəsmən başa çatacaq.
2023/2024 mövsümündə Kroos “qaymaqlılar”ın heyətində 48 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 465 oyun, 28 qol, 99 məhsuldar ötürmə.
Toni Kroos “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.
Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 110 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub. Kroos yığma komandada çıxışına 2021-ci ildə xitam verib.
“Transfermarkt” internet-portalı 34 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


