İtaliyanın “Roma” klubu gənc hücumçusu Feliks Afena-Qyan ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 19 yaşlı forvard bundan sonra A Seriyasının digər təmsilçisi “Kremoneze”nin uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Roma” qanalı hücumçunu “Kremoneze”yə 6 milyon avroya satıb. Gənc futbolçunun yeni klubu ilə neçə illik müqavilə imzalandığı açıqlanmır.
Feliks Afena-Qyan “Roma”nın öz yetirməsidir. O, 2021-ci ildə Joze Mourinyo tərəfindən əsas komandaya cəlb olunub. Qanalı forvard “canavarlar”ın heyətində meydana çıxdığı 22 oyunda 2 qola imza atıb. O, Qana yığmasında da 6 oyun keçirib, 1 qol vurub.
Afena-Qyanı heyətinə qatan “Kremoneze” Luka Stritsolonu “Peruca”ya, Luka Ravanellini “Frozinone”yə, Coşua Tenkoranqı “Virtus Entella”ya, Filippo Nardini isə “Recciana” klubuna icarəyə verib. Onların 2022/23 mövsümünün sonuna kimi icarədə olacağı diqqətə çatdırılıb.