Futbol üzrə Almaniya milli komandasının və “Volfsburq”un yarımmüdafiəçisi Feliks Nmeça Dortmund “Borussiya”sına transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Dortmund təmsilçisi bu transfer üçün 30 milyon avrosundan keçib. Nmeça yeni komandasında 8 nömrəli forma ilə çıxış edəcək.
Xatırladaq ki, Feliks Nmeça İngiltərənin “Mançester Siti” klubunun yetirməsidir. O, 2021-ci ilin yayında Premyer Liqa təmsilçisindən azad agent kimi ayrılaraq “Volfsburq”la müqavilə bağlamışdı. Yarımmüdafiəçi Bundesliqa təmsilçisində keçirdiyi iki mövsüm ərzində 50 oyuna çıxıb. O, bu oyunlarda 3 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Nmeça vaxtilə “Mançester Siti”nin əsas komandasında da 3 oyun keçirib, 1 assistlə yadda qalıb. O, Almaniya milli komandasında da 1 oyuna çıxıb.
“Borussiya” öz hücumçusu Cayden Brafı da İtaliyanın “Verona” klubuna satıb. Dortmundlular bu keçiddən 1 milyon avro qazanıblar. “Ayaks”ın yetirməsi olan, daha sonra PSV və “Mançester Siti”nin aşağı yaş qrupları üzrə komandalarında oynamış holland futbolçu “Borussiya”ya ötən ilin yayında qoşulmuşdu. O, İtaliyanın “Verona” (6 oyun) və “Udineze” (4 oyun, 1 qol) klublarında icarədə də olub. 20 yaşlı “Borussiya”nın əsas komandasında oynamasa da, Niderlandın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.
“Borussiya” 18 yaşlı sol cinah müdafiəçisi Tom Roteni isə “Holştayn”a icarəyə verib. Almaniyadan olan futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Rote Dortmund klubunun əsas komandasında indiyə qədər 7 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.