Futbol üzrə İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes zədə səbəbindən iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.
Bildirilir ki, buna 22 yaşlı yarımmüdafiəçinin zədələnməsi səbəb olub. İspaniyalı oyunçu bu gün məşqdə sağ ayağından zədə alıb.
Əvəzində Kataloniya təmsilçisinin digər yarımmüdafiəçisi Pedri artıq məşqlərə başlayıb.
Xatırladaq ki, Fermin Lopes “Barselona”nın öz yetirməsidir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 101 oyuna çıxıb, 26 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə 13 oyuna çıxıb, 7 qol və 4 assistlə diqqət mərkəzinə düşüb.
Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığma komandasında forma geyinir. O, milli komandanın heyətində 5 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


