Fernando Diniz Braziliya millisini çalışdıracaq, Karlo Ançelotti isə…

“Fluminense”nin baş məşqçisi Fernando Diniz müvəqqəti olaraq futbol üzrə Braziliya milli komandasını çalışdıracaq.

Arena.az bu barədə Braziya Futbol Konfederasiyasının (CBF) rəsmi saytına istinadən xəbər verir.

49 yaşlı mütəxəssis bir il ərzində klub və milli komandada işini birləşdirərək, hər iki kollektivi çalışdıracaq. Müvafiq qərarı CBF-in prezidenti Ednaldo Rodriqes təsdiqləyib.

13 turdan sonra “Fluminense” Braziliya çempionatında 6-cı sırada qərarlaşıb.

Ednaldo Rodriqes yaxınlarda İspaniyaya səfəri zamanı daha bir şifahi açıqlaması ilə diqqət çəkib ki, bu da “Real”ın baş məşqçisi Karlo Ançelottinin 2024 Amerika Kubokunda Braziliya millisinə rəhbərlik edəcəyi haqda verdiyi məlumatdır.

Vurğulayaq ki, müvafiq şifahi razılaşma heç bir rəsmi sənəddə əksini tapmayıb. Ançelottinin CBF-lə heç bir müqaviləsi yoxdur və Rodriqeslə Ançelotti arasında razılığın ancaq sözdə əksini tapdığı iddia edilir.

Karlo Ançelottinin “Real”la 2024-cü ilin iyun ayına qədər müqaviləsi var və bu müqavilənin uzadılmayacağı artıq məlumdur. Öz növbəsində “Kral klubu” may ayında rəsmi mövqeyini ortaya qoymaqla, “Real”ı çalışdırdığı müddətdə Ançelottinin Braziliya millisindən gələcək bütün mümkün təklifləri rədd edəcəyi haqda tələbi var. “Real” italyan mütəxəssisdən peşəkar münasibət və komandaya köklənməsini istəyir.

“El Chiringuito”nin yaydığı məlumata görə isə, Karlo Ançelotti gələn ilin yayında Fernando Dinizi əvəzləyəcək. İtaliyadan olan təcrübəli mütəxəssisin 2026-cı ilə qədər Braziliya millisini çalışdıracağı bildirilir.

Braziliya mətbuatında mümkün təyinat birmənalı qarşılanmasa da, ümumiyyətlə məsələnin zamanla çözüləcəyinə inanılır.

Xəbəri sosial şəbəkələrdə paylaş: