Albaniyanın “Eqnatiya” klubunun dayaq yarımmüdafiəçisi Fernando Medeyros bundan sonra “Sumqayıt”ın formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən klub daha bir futbolçunun keçidini reallaşdırıb. “Gənclik şəhəri” təmsilçisi son mövsümü Albaniya “Eqnatiya”sında keçirmiş Fernando Medeyrosla 2+1 illik müqavilə imzalayıb. 28 yaşlı futbolçu yeni komandasında “11” nömrəli formada çıxış edəcək.
Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeyros 2022-ci ilin iyul ayından “Eqnatiya”da forma geyinirdi. Yarımmüdafiəçi bu klubun heyətində 88 oyuna 17 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. Medeyros karyerası boyunca “Audaks”, “İtuano”, “Konfiansa”, “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense” kimi klubların da şərəfini qoruyub.
Xatırladaq ki, “Sumqayıt” buna qədər yalnız “Zirə”dən ayrılmış sabiq yarımmüdafiəçisi Rəhim Sadıxovu heyətinə qatmışdı. Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata isə bu klubu tərk ediblər.


