“Feyenoord” Niderland Kubokunun qalibi oldu – 14-cü dəfə!

Niderlandın aparıcı futbol klublarından olan Rotterdam təmsilçisi “Feyenoord” Niderland Kubokunun 2023/2024 mövsümünün qalibi olub.

Arena.az məlumat verir ki, sözügedən komanda ölkə kubokunun finalında “NEK Neymegen” üzərində 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu oyunun 60-cı dəqiqəsində rotterdamlıların braziliyalı sol vingeri İqor Payşao vurub.

Oyunun birinci hissəsində stadionda baş vermiş yanğın səbəbindən oyun bir müddət dayandırılıb. “Feyenoord” azarkeşlərinin atəşfəşanlığından sonra böyük pankartlardan biri alovlanıb, bütün stadionu qatı tüstü bürüyüb. Yanğın yerinə təcili surətdə yanğınsöndürənlər gəliblər və yanğını söndürməyə girişiblər. Xəsarət alan olmayıb. Yarım saat sonra isə oyun bərpa edilib.

Bu zəfər “Feyenoord”un Niderland Kubokunda 14-cü uğurudur. Rotterdam təmsilçisi həmçinin 4 dəfə finalçı olub.

Niderlanda Kubokunu ən çox qazanmış klub isə Niderland futbolunun mübaliğəsiz nəhəngi, Amsterdam təmsilçisi “Ayaks”dır – 20 qalibiyyət. “Ayaks” həmçinin 8 dəfə finalçı olub.

İlk üçlüyü isə PSV (Eyndhoven) qapayır – 11 qalibiyyət qazamnış eyndhovenlilər 8 dəfə Niderland Kubokunun finalçısı olublar.

Xəbəri sosial şəbəkələrdə paylaş: