FIFA DÇ-2026-dan 15 milyard dollardan çox gəlir əldə edəcək

FIFA-nın ABŞ, Kanada və Meksikada təşkil edilmiş dünya çempionatından (DÇ-2026) əldə etdiyi gəlirin 15 milyard ABŞ dollarını ötəcəyi bildirilir.

Arena.az bu barədə “The Guardian” nəşrinin yaydığı məlumata əsasən xəbər verir.

Qurum turnir başlamazdan əvvəl təxminən 11 milyard dollar gəlir əldə etməyi planlaşdırırdı. Lakin biletlərin, o cümlədən təkrar satış bazarında uğurla satılması nəticəsində bu göstərici xeyli artıb.

Mənbənin məlumatına əsasən, FIFA-nın maliyyə fondunun böyüməsi milli futbol assosiasiyalarına da əlavə gəlir qazandıra bilər. Bununla belə, vəsaitin federasiyalar arasında hansı qaydada bölüşdürüləcəyi hələ dəqiqləşdirilməyib.

Nəşr qeyd edir ki, rekord gəlir FIFA prezidenti Canni İnfantinonun mövqeyini daha da gücləndirə bilər. O, turnir ərzində qəbul edilən bir sıra mübahisəli qərarlara görə tənqid olunmuşdu. Bunlardan biri ABŞ prezidenti Donald Trampın zəngindən sonra ABŞ millisinin hücumçusu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğv edilməsi idi.

Artan gəlirlərin ABŞ-ın gələcəkdə daha bir dünya çempionatına ev sahibliyi etmək şansını da yüksəldə biləcəyi vurğulanır. Donald Tramp daha əvvəl ölkəsinin yenidən mundial keçirmək niyyətində olduğunu açıqlamışdı. ABŞ-ın namizəd ola biləcəyi ən yaxın turnir isə 2038-ci il dünya çempionatıdır.

Qeyd edək ki, DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilib. Turnir ərzində ümumi tamaşaçı sayı və vurulan qolların sayına görə də yeni rekordlar qeydə alınıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: