FIFA “Köln” klubuna transfer qadağası qoydu

FIFA futbol üzrə Almaniya çempionatında (Bundesliqa) mübarizə aparan “Köln” klubuna transfer qadağası qoyub. Arena.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bundesliqa təmsilçisi qarşıdakı iki transfer pəncərəsi dönəmində heyətinə yeni oyunçular cəlb edə bilməyəcək.

Klubun belə ağır cəzaya layiq görülməsinə ötən il sloveniyalı hücumçu Yaka Çuber Potoçnikin transferi zamanı qayda pozuntusuna yol verilməsi səbəb olub. İddiaya görə, kölnlülər həmin vaxt 16 yaşlı forvardı azad agent kimi transfer etmək üçün onu əvvəlki klubu ilə müqaviləni pozmağa təhrik ediblər. Onlar Sloveniyanın “Olimpiya” klubuna təzminat ödəməmək üçün belə bir yola əl atıblar. Amma sözügedən klubun şikayətindən sonra məsələni araşdıran FIFA həm Almaniya təmsilçisini, həm də futbolçunu çox ağır cəzalandırıb. Belə ki, “Köln” transfer qadağası ilə yanaşı, Lyublyana təmsilçisinə 54 min avro cərimə də ödəməli olacaq. Yaka Çuber Potoçnik isə futboldan 4 ay müddətinə kənarlaşdırılıb.

Almaniya klubu qərardan 21 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verə bilər. Lakin bu cəzanın ləğv olunması ehtimalı elə də yüksək qiymətləndirilmir.

Xatırladaq ki, Yaka Çuper Potoçnik 2022-ci ilin yanvarında “Olimpiya”dan ayrılaraq “Köln”lə müqavilə bağlayıb. Onun Almaniya klubu ilə müqaviləsi 2024-cü ilin 30 iyununa kimi nəzərdə tutulub. Hazırda 17 yaşı olan futbolçu “Köln”ün U-19 komandasında forma geyinir. O, indiyə qədər bu komandada 18 oyuna çıxıb və 15 qola imza atıb. Sloveniyanın U-17 və U-18 yığmalarında da oynamış forvard hazırda ölkəsinin U-19 millisində çıxış edir. O, bu komandada 7 oyuna 4 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: