Serbiya millisinin yarımmüdafiəçisi Filip Kostiç Almaniyada keçirilən Avropa çempionatının (AÇ-2024) qarşıdakı oyularını buraxacaq.
Arena.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Kostiç AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda İngiltərə ilə matçın ilk hissəsində zədələnib. Ətraflı müayinələrdən sonra onun sol dizindəki zədənin ciddi olduğu aşkarlanıb. İtaliyanın “Yuventus” klubunun da üzvü olan 31 yaşlı yarımmüdafiəçi ən az 2 həftə oynaya bilməyəcək. Buna görə də o, milli komandanın düşərgəsini tərk edəcək.
Xatırladaq ki, Filip Kostiç 2022-ci ilin avqust ayından “Yuventus”da çıxış edir. O, Turin təmsilçisinin heyətində keçirdiyi 87 oyunda 3 qola imza atıb, 15 məhsuldar ötürmə müəllifi olub.
Serbiyalı yarımmüdafiəçi daha öncə “Radniçki”, “Qroningen”, “Ştutqart”, “Hamburq” və “Ayntraxt” kimi komandalarda da çıxış edib.
Kostiç 2015-ci ilin iyun ayında debüt etdiyi Serbiya yığma komandasında 64 oyuna çıxıb, 3 qol vurub, 12 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6,5 milyon avro məbləğində qiymətləndirir.


