İngiltərənin “Mançester Siti” klubunun serbiyalı sol vingeri Filip Stevanoviç Premyer Liqa nəhəngindən ayrılıb.
Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Belçikanın “Lommel” klubuna keçib.
Transferin detalları açıqlanmayıb. Gənc futbolçu yeni klubu ilə 2 illik (2026-cı ilin 30 iyununadək) müqavilə bağlayıb.
Filip Stevanoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Mançester Siti” onu 2021-ci ilin yanvarında 8,5 milyon avro müqabilində heyətinə qatmışdı. Filip Stevanoviçə Mançester klubunun əsas komandasında debüt etmək qismət olmayıb. O, “Herenven”, “Santa Klara” və “Valveyk” kimi klublara icarəyə göndərilib.
Stevanoviç Serbiyanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, hələ əsas millidə debüt şansı qazanmayıb.
“Mançester Siti” iki oyunçusunu da icarəyə verib. Burkina Fasodan olan sağ cinah müdafiəçisi İssa Kabore Portuqaliyanın “Benfika” klubuna keçib. 23 yaşlı futbolçu bu mövsümün sonunadək sözügedən klubda icarədə olacaq.
İssa Kabore Burkina Fasonun “Rahimo” klubunun yetirməsidir. Peşəkar karyerasına “Mexelen”də başlamış futbolçu “Mançester Siti”yə 2020-ci ildə 4,5 milyon avro qarşılığında cəlb olunub. O, İngiltərə nəhənginin əsas komandasında debüt edə bilməyib. Futbolçu əvvəlki mövsümlərdə “Mexelen”, “Tura”, “Olimpik” (Marsel), “Luton Taun” kimi klublarda da icarədə olub. Burkina Faso yığmasında 40 oyun keçirmiş İssa, 2 qol vurub, 10 məhsuldar ötürmə verib.
Jadel Katonqo isə “Piterboro”ya icarəyə verilib. 19 yaşlı mərkəz müdafiəçisi də mövsümün sonunadək icarədə olacaq. “Mançester Siti”nin öz yetirməsi olan ingiltərəli futbolçu ötən mövsümü də məhz “Piterboro”da icarədə keçirmişdi. Katonqo İngiltərənin U-16, U-18 yığmalarında oynayıb, hazırda isə U-20-yə dəvət alır.


