Filip Yorgensen “Çelsi”də – 24,5 milyonluq qapıçı!

İspaniyanın “Vilyarreal” klubunun danimarkalı qapıçısı Filip Yorgensen bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

La Liqa təmsilçisi elə bu yay müqaviləsinin müddətini 2029-cu ilin 30 iyununa qədər artırdığı 22 yaşlı qapıçını “zadəganlar”a 24,5 milyona satıb. Yorgensen “Çelsi” ilə 7 illik (2031-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

“Malmö”nün yetirməsi olan Filip Yorgensen peşəkar karyerasına “Vilyarreal”da başlayıb. O, 2023-cü ilin yanvar ayından bu klubun əsas komandasında çıxış edirdi. Danimarkalı qolkiper ötən mövsüm veteran Pepe Reynanı əsas heyətdən kənarlaşdırmışdı. Filip 2023/2024 mövsümündə 37 oyuna çıxıb, 64 qol buraxıb, 6 “quru” matç keçirib. Yorgensen La Liqanın son mövsümündə ən çox seyv edən (143) qapıçı ünvanına sahib olub. Filip Yorgensenin “Vilyarreal” karyerası bütövlükdə 44 oyun, 75 buraxılmış qol və 7 “quru” matçdan ibarətdir.

Yorgensen İsveçdə dünyaya göz açmasına, bu ölkənin U-16 və U-17 yığmalarında oynamasına baxmayaraq, 2021-ci ildə Danimarkanın U-21 yığmasında forma geyinməyə başlayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı qolkiperin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

“Vilyarreal” sol cinah müdafiəçisi Xoan Moxikanı da “Malyorka”ya satıb. 31 yaşlı futbolçunun “Malyorka”ya keçidi 1,5 milyon avroya başa gəlib. O, yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Xoan Moxika 2022-ci ilin sentyabrında “Elçe”dən 5,5 milyon avro müqabilində “Vilyarreal”a keçmişdi. Kolumbiyalı futbolçu “Vilyarreal”da 27 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Jirona”, “Valyadolid”, “Elçe”, “Rayo Valyekano”, “Deportivo Kali” və “Atalanta” kimi klubların da formasını geyinib. Müdafiəçi ötən mövsümü “Osasuna”da icarədə keçirib. Təcrübəli oyunçu Kolumbiya yığmasında 31 oyun keçirib, 1 qola imza atıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 2,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: