Madrid “Atletiko”sunun braziliyalı sabiq müdafiəçisi Filipe Luis “döşəkçilər”in heyətində keçirdiyi illər haqda xatirələrə dalıb.
Arena.az məlumat verir ki, Filipe Luis Madrid komandasının baş məşqçisi Dieqo Simeonenin “Barselona”nın sabiq uduzu, argentinalı hücumçu Lionel Messini necə çağırdığını xatırlayıb.
“Biz “Barselona” ilə oynayanda Simeone bizi qorxutmamaq üçün Messinin soyadını demirdi. Sadəcə “cırtdan” deyərdi. Messi indiyə qədər gördüyüm ən yaxşı oyunçudur, o, inanılmazdır. Mən onu dayandırmaq üçün çox çalışdım. Hətta 2006-cı ildən 2016-cı ilə qədər onun bütün oyunlarına baxdım”, deyə Filipe “Charla Podcast” “Youtube” kanalına danışıb.
Xatırladaq ki, son mövsüm Braziliya A Seriyasının başa çatması ilə Luis futbolçu karyerasına xitam verib.
Tam adı Filipe Luis Kasmirsiki olan futbolçunun əsli Polşadandır, əcdadları 1891-ci ildə Braziliyaya mühacirət ediblər. Filipe peşəkar böyük futbola futzaldan gəlib. Braziliyalı müdafiəçi 2003/2004 mövsümündə “Fiqeyrense”də böyük futbola qədəm qoyub. Növbəti ildə isə Luisin Avropa macərası başlayıb, braziliyalı futbolçu “Ayaks”a keçib. Burada o, “Real” skautlarının diqqətini cəlb edib və 2005/2006 mövsümündə “kral klubu” Luisi icarə əsasında “Real Madrid Kastilya”ya götürüb. 2006-cı ildə isə “Deportivo” Luisə tamhüquqlu əsasda sahib olub. Tədricən oyunu püxtələşmiş cinah müdafiəçisi “Atletiko”nun maraq dairəsinə düşüb və “döşəkçilər”ə qoşularaq, 2010-2014-cü illərdə burada çıxış edib. Oyunu ilə “Çelsi”nin diqqətini çəkmiş Filipe 2014/2015 mövsümünü Londonda keçirsə də, daha sonra Madridə qayıtmağa qərar verib və yenidən “Atletiko”ya qoşulub. 2019-cu ildə isə Filipe vətəni Braziliyaya qayıdıb və karyerasını “Flamneqo”da davam etdirib.
Ötən gün yekunlaşan mövsümdə (2022/2023) Filipe “Flamenqo”nun heyətində 21 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.
Kasmirsiki 2009-cu ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 44 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə ilə fərqlənib. O, milli ilə 2013 FIFA Konfederasiyalar Kubokunun, 2019 Amerika Kubokunun qalibi olub.


