“Fiorentina” dünya çempionu Qrossonu istefaya göndərdi

İtaliyanın “Fiorentina” klubu mövsümə üç məğlubiyyətlə başlayan əsas komandanın baş məşqçisi Fabio Qrossonu istefaya göndərib.

Arena.az xəbər verir ki, İtaliya klubunun rəhbərliyi 48 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.

Florensiya təmsilçisi İtaliya çempionatının ilk üç turunun hər birində məğlub olub. Komanda əvvəlcə səfərdə “Roma”ya 0:4 hesabı ilə uduzub, daha sonra doğma meydanda “Frozinone”yə 0:3, “Torino”ya isə 1:2 hesabı ilə məğlub olub.

“Klub Fabio Qrossonun əsas kişi komandasının baş məşqçisi vəzifəsindən azad edildiyini bildirir”, – deyə klubun rəsmi açıqlamasında qeyd olunub.

Qrosso iyun ayında “Fiorentina”nın baş məşqçisi təyin edilmiş və klubla 2 illik müqavilə imzalamışdı. O, komandanın başında cəmi 3 rəsmi matça çıxıb.

İtaliyalı mütəxəssis daha əvvəl “Bari”, “Verona”, “Breşiya”, “Frozinone”, “Sassuolo”, İsveçrənin “Syon” və Fransanın “Olimpik” (Lion) klublarında çalışıb.

Qrosso futbolçu kimi İtaliya və Fransada çıxış edib. O, “İnter” (2007) və “Yuventus” (2012) ilə iki dəfə İtaliya çempionu olub. Lion “Olimpik”inin heyətində isə 2007-ci ildə Fransa Super Kubokunu, 2008-ci ildə ölkə çempionatını və Fransa Kubokunu qazanıb.

Fabio Qrosso 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub. O, Fransa ilə final matçında penaltilər seriyasında komandasının sonuncu zərbəsini dəqiq yerinə yetirərək İtaliyaya dünya çempionluğu qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: