İspaniya nəhəngi Madrid “Real”ının prezidenti Florentino Peres hazırda təxminən 50-60 klubla danışıqlar aparır.
Arena.az xəbər verir ki, bu barədə “Voz Populi” dərgisi məlumat yayıb.
Peresin danışıqlarda məqsədi üç diviziondan ibarət yeni Avropa Super Liqasının yaradılması fikrinin müzakirəsidir.
Mənbənin məlumatına görə, Avropa Super Liqasının yeni versiyasının oyunları UEFA Çempionlar Liqası, eləcə də Avropa Liqası və Avropa Konfrans Liqası günlərində keçiriləcək.
Avropada yeni futbol turnirinin yaradılması üçün vacib məqamın UEFA və FIFA-ya qarşı antiinhisar iddiası ilə bağlı Avropa İttifaqı Məhkəməsinin verdiyi qərar olduğu vurğulanır. Əgər məhkəmə bu qurumların futbol yarışlarında monopoliyasının qanunsuz olduğunu tanısa, o zaman klublar hansı turnirdə iştiraka üstünlük verdiklərini seçmək imkanı əldə edəcəklər. Bu iş üzrə məhkəmə iclası bu il dekabrın 21-də keçiriləcək.
Xatırladaq ki, Florentino Peres 2021-ci ilin yazında təqdim edilmiş Avropa Super Liqasının ilk tərtibatını təbliğ etmiş liderlərdən biridir. Lakin həmin vaxt UEFA və FIFA-nın təzyiqi ilə üzləşən əksər klublar Super Liqa ideyasından imtina etmişdilər. Madrid klubunun lideri isə bu yöndə mübarizəsini hələ də davam etdirir.


