“Real”ın prezidenti Florentino Peres Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellingemin transferini şərh edib.
Arena.az xəbər verir ki, Florentino Peres 103 milyon avroya transfer etdikləri 19 yaşlı futbolçunun keçidi ilə bağlı bunları söyləyib:
“Bu gün dünyanın ən yaxşı oyunçularından biri bizə qoşulur. Cud bunu istədiyi üçün buradadır. O, istənilən başqa kluba gedə bilərdi, çoxları onu almaq istəyirdi. Amma o, “Real”ı seçdi. Xoş gəldin”.
Xatırladaq ki, 19 yaşılı Cud Bellingem “Real”la 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb. Daha əvvəl, Dortmund “Borussiya”sı “Real”ın Bellingem üçün 103 milyon avro ödəyəcəyini, sonra əlavə olaraq təxminən 31 milyon avroya qədər bonuslar əlavə edəcəyini bildirmişdi.
Bellingem 2020-ci ildə İngiltərənin “Birmingem Siti” klubundan Dortmund “Borussiya”sına keçib. Almaniyada keçirdiyi 3 mövsümdə ingilis futbolçu 132 oyuna çıxıb, 24 qol vurub və 25 məhsuldar ötürmə ilə fərqlənib.
Hazırda “Transfermarkt” internet-portalı Bellingemi 120 milyon avro məbləğində qiymətləndirir.


