“Ştutqart”ın 25 yaşlı alman qapıçısı Florian Müller Bundesliqanın digər təmsilçisi “Frayburq”a transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
“Frayburq” bu transfer üçün “Ştutqart”a 1,5 milyon avro ödəyib. Futbolçu ilə müqavilənin müddəti isə açıqlanmayıb.
Florian Müller 2021-ci ildən “Ştutqart”da forma geyinirdi. O, bu komandada 52 oyuna çıxıb, 88 qol buraxıb, cəmi 6 “quru” matç keçirib. Qolkiper daha öncə yetirməsi olduğu “Maynts”da da forma geyinib. O, 2020/2021 mövsümündə isə məhz “Frayburq”da icarədə oynayıb – 31 oyun, -46 qol, 6 “quru” oyun.
2022/2023 mövsümündə Bundesliqadakı yerini çətinliklə təmin edən “Ştutqart” daha üç futbolçusu ilə yollarını ayırıb. Elita təmsilçisi Tyaqo Tomas, Tanqi Kulibali və Antonis Aydonislə vidalaşdığını açıqlayıb. Müqavilə müddəti bitən futbolçulara xidmətlərinı görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Antonis Aydonis “Ştutqart”a 2018-ci ilin yayında “Hoffenhaym”dan gəlmişdi. 22 yaşlı müdafiəçi bu klubun əsas komandasında cəmi 2 matça çıxıb.
Tyaqo Tomas 2022-ci ilin yanvarında Lissabon “Sportinq”indən icarə əsasında “Ştutqart”a keçmişdi. 21 yaşlı portuqal yarımmüdafiəçi bu komandada 47 oyuna çıxıb, 8 qol və 4 assistlə yadda qalıb.
Tanqi Kulibali isə 2019-cu ilin yayından “Ştutqart”ın formasını tərlədirdi. PSJ-nin yetirməsi olan 22 yaşlı vinger Almaniya klubunun əsas komandasında 74 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
“Ştutqart” heyətinə yeni futbolçu da cəlb edib. Sözügedən klub İsveçrə “Sankt-Qallen”indən xorvatiyalı mərkəz müdafiəçisi Matey Maqlitsanı heyətinə qatıb. 24 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Matey Maqlitsa “Sankt-Qallen”ə ötən ilin yayında məhz “Ştutqart”dan keçmişdi. Amma Bundesliqa klubu 450 min avro ödəməklə onu yenidən heyətinə qatmaq qərarına gəlib.



