Folarin Baloqun “Arsenal”ı “Monako”ya dəyişdi

Futbol üzrə ABŞ milli komandasının və London “Arsenal”ının hücumçusu Folarin Baloqun Liqa 1 təmsilçisi “Monako”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə knyazlıq klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. “Monako” bu transfer üçün “topçular”a 30 milyon avro ödəyib.

“Arsenal”ın yetirməsi olan Baloqun son mövsümləri “Midlsbro” və “Reyms”də icarədə keçirib. O, London klubunun əsas komandasında cəmi 10 matça çıxıb, 2 qol və 1 assistlə yadda qalıb. Hücumçu ABŞ yığmasında da 2 matça çıxıb, 1 qol vurub.

“Arsenal” üç futbolçusunu da icarəyə verib. Niderlanddan olan 20 yaşlı yarımmüdafiəçi Salah-Eddin Ulad M’Hand “Den Boş”a, tunisli 21 yaşlı mərkəz müdafiəçisi Omar Rekik “Uiqan”a, 21 yaşlı ingilis qapıçı Artur Okonkvo isə “Reksem”ə keçib. Onlar bu mövsümün sonuna kimi icarədə olacaqlar.

Baloqunu heyətinə qatan “Monako” isə yarımmüdafiəçisi Feliks Lemareşalı “Serkl Brügge”yə icarəyə verib. “Monako”nun əsas komandasında cəmi 2 matça çıxmış 20 yaşlı fransız futbolçu ötən mövsümü də “Brest”də icarədə keçirib.

“Monako” hücumçusu Kevin Vollandı da “Union Berlin”ə satıb. 31 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Onun transferi Bundesliqa təmsilçisinə 4 milyon avroya başa gəlib. “Monako”da 115 oyuna 39 qol vurub, 24 assistlə yadda qalan Volland, “Bayer”, “Hoffenhaym”, “1860 Münhen” kimi klubların da formasını geyinib. O, Almaniya yığmasında da 15 matça çıxıb, 1 qola imza atıb.

“Union Berlin” və “Borussiya”da bu yayın son transferləri

Vollandı heyətinə qatan “Union Berlin”də də ayrılıqlar qeydə alınıb. Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Miloş Pantoviç “Eupen”ə, mərkəz müdafiəçisi Dominik Haynts isə “Köln”ə keçib. 30 yaşlı Haynts yeni klubu ilə 1, 27 yaşlı Pantoviç isə 2 illik müqaviləyə imza atıb. “Bayern”in yetirməsi olan Pantoviç “Bohum”da da oynayıb. Haynts isə daha öncə “Kayzerslautern”, “Köln”, “Frayburq” və “Bohum”da çıxış edib.

“Union Berlin” sağ cinah vingeri Tim Skarkeni “Darmştadt”a, hücumçusu Jordan Pefoku da Mönhenqladbah “Borussiya”sına icarəyə verib. Hər iki futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. 26 yaşlı Skarke daha öncə də “Darmştadt”da oynayıb. O, “Haydenhaym” və “Şalke”nin də uğurları üçün çalışıb. Jordan pefok isə 2022-ci ildən formasını geyindiyi Berlin klubuna keçənə qədər “Yanq Boyz”, “Renn”, “Şatoru”, “Reyms” kimi klublarda çıxış edib. Hücumçu ABŞ yığmasında 9 oyuna çıxıb, 1 qol vurub.

“Borussiya” İngiltərənin “Lids” klubunda forma geyinən Avstriya yığmasının müdafiəçisi Maksimilian Vöberi də heyətinə qatıb. Bundesliqa klubu 25 yaşlı futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb. Vöber “Rapid” (Vyana), “Ayaks”, “Sevilya” və “Zalsburq”da da oynayıb, Avstriya yığmasında 16 oyun keçirib.

Mönhenqladbah klubu yarımmüdafiəçisi Oskar Fraulonu da “Utrext”ə icarəyə verib. 19 yaşlı danimarkalı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. O, “Borussiya”nın əsas komandasında cəmi 2 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: