FPF Ronaldonun vida oyunu ilə bağlı danışıqlar aparır?

Portuqaliya Futbol Federasiyası (FPF) Kristiano Ronaldonun milli komandadakı vida oyununun keçirilməsi ilə bağlı hazırda danışıqlar aparmır.

Arena.az xəbər verir ki, bu barədə “Record” qəzeti məlumat yayıb.

Bundan əvvəl “Ekip” Portuqaliya Futbol Federasiyasının 5 qat “Qızıl top” sahibinin milli komandadakı vida oyununun təşkili ilə bağlı danışıqlar apardığını yazmışdı. Lakin “Record”un məlumatına görə, federasiya hələ belə bir qərar qəbul etməyib.

Mənbənin bildirdiyinə görə, Ronaldonun gələcəyi ilə bağlı qərar Portuqaliya və Norveç milliləri arasında UEFA Millətlər Liqasının 4-cü turunda keçiriləcək oyundan sonra veriləcək.

Qeyd edək ki, Ronaldo UEFA Millətlər Liqasının 3-cü turunda Danimarka ilə oyundan (2:4) əvvəl Portuqaliya millisinin düşərgəsini tərk edib. Hücumçu qərarının səbəbini gələcəkdə açıqlayacağını bildirib. O, turnirin 2-ci turunda Norveçə qarşı keçirilən görüşdə də (2:1) meydana çıxmayıb.

41 yaşlı Ronaldo 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Avropa çempionu və Millətlər Liqasının ikiqat qalibidir. O, milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində qol rekordlarına sahibdir.

Ronaldo 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un da formasını geyinib. Onun hesabında ümumilikdə 979 qol var. Bunlardan 146-sı Portuqaliya millisinin, 833-ü isə klub səviyyəsində vurulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: