Futbol üzrə İtaliya yığmasının müdafiəçisi Françesko Açerbi “Latsio”dan birdəfəlik ayrılaraq “İnter”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
35 yaşlı futbolçu 2022/2023 mövsümünü icarə əsasında məhz “İnter”də keçirmişdi. Sözügedən klub bu yay onun transfer hüquqlarını da almağa qərar verib. Bunun üçün “Latsio”ya 3,5 milyon avro təzminat ödənilib. Təcrübəli müdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti açıqlanmır.
Françesko Açerbi 2018-ci ildən “Latsio”da çıxış edirdi. İtaliyalı futbolçu paytaxt təmsilçisində 173 oyuna 10 qol vurub. O, “Paviya”, “Renate”, “Recina”, “Cenoa”, “Kyevo”, “Milan” və “Sassuolo” kimi komandalarda da oynayıb. Təcrübəli mərkəz müdafiəçisi İtaliya milli komandasında da 31 oyun keçirib, 1 qola imza atıb. O, ötən mövsüm “İnter”də 49 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“İnter” öz oyunçularından gənc hücumçu Samuele Mulattyerini də “Sassuolo”ya satıb. Klub bu satışdan 6 milyon avro qazanıb. 22 yaşlı forvardın yeni klubu ilə neçə illik müqavilə bağladığı açıqlanmır.
Samuele Mulattyeri “Spetsiya”nın yetirməsidir. O, “İnter”ə 2018-ci ildə 1,7 milyon avro qarşılığında keçmişdi. Amma italiyalı forvard Milan klubunun əsas komandasında oynamaq şansı qazanmayıb. Bu üzdən də o, Niderlandın “Volendam” komandasında, eləcə də İtaliyanın “Krotone” və “Frozinone” kimi klublarında icarədə oynamaq məcburiyyətində qalıb.
Samuele Mulattyeri İtaliyanın U-18, U-19 və U-21 yığmalarında da forma geyinib.


