Niderlandın “Ayaks” komandasının baş məşqçisi, italiyalı futbol mütəxəssisi Françesko Farioli istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəsisin klubu tərk etməyə qərar verdiyi bildirilib. O, bu barədə İdarə Heyətini məlumatlandırıb.
Xatırladaq ki, Françesko Farioli “Ayaks”la 2024-cü ilin mayında 3 illik müqavilə imzalamışdı. “Ayaks” cari mövsümdə ölkə çempionatını 78 xalla ikinci pillədə başa vurub. Komanda çempion PSV-dən 1 xal az toplayıb. Fariolinin də istefasına məhz çempionluğu əldən vermələri səbəb göstərilir.
“Ayaks” Fariolinin rəhbərliyi altında 54 oyun keçirib. Amsterdam klubu bu görüşlərdə 35 qələbəyə sevinib, 8 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Farioli daha əvvəl Türkiyənin “Alanyaspor”, “Fatih Karagümrük” klublarında, Fransan “Nitsa” komandasında da baş məşqçi kimi çalışıb.


