“Roma”nın sabiq kapitanı Françesko Totti 48 yaşında futbolçu karyerasını sensasiyalı şəkildə bərpa etməyə yaxın olduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, italiyalı əfsanə öz avtobioqrafiyasında həmin dövrdə A Seriyasının iki klubundan – “Cenoa” və “Komo”dan təklif aldığını bildirib.
Totti həmin dönəmdə “Cenoa”nın baş məşqçisi Alberto Cilardino, “Komo”nun çalışdırıcısının isə Sesk Fabreqas olduğunu xatırladıb:
“Mənim 48 yaşım var idi, amma futbolda bəzi yaş baryerlərini keçmək mümkündür. Bəli, sürət artıq əvvəlki kimi deyil, amma ustalıq və zərbə illər keçdikcə qocalmır”.
İtaliyalı keçmiş futbolçu mümkün qayıdış üçün ciddi şəkildə hazırlaşdığını da deyib:
“Həmin müddətdə hər bazar ertəsi mini-futbol oynayırdım. Bundan əlavə, həftədə üç dəfə zalda məşq edir, iki dəfə fizioterapevtlə çalışırdım. Qidalanma rejimimi də ciddi şəkildə dəyişməli oldum: çörək yox, şirniyyat yox – ümumiyyətlə heç nə. Şirniyyatdan imtina etmək ən çətin məsələ idi. Əzələlərdə yaşla bağlı adi ağrıları nəzərə almasaq, orqanizm yüklənmələrin öhdəsindən çox yaxşı gəlirdi”.
Françesko Totti sonda “Roma”ya olan bağlılığının qərarında əsas rol oynadığını vurğulayıb:
“Ağlım mənə bu çağırışı qəbul etməyə hazır olduğumu deyirdi, amma ürəyim imtina etdi. Hər şey “Roma”ya olan hisslərimdən asılı idi. İdmanda xəyanətin nə vaxtı, nə də yaş həddi var – 18 yaşında olmağınla 48 yaşında olmağın arasında fərq yoxdur”.
Qeyd edək ki, Françesko Totti sentyabrın 27-də 50 illik yubileyini qeyd edəcək. “İmperator” 1992-2017-ci illərdə, yəni 25 il ərzində “Roma”nın formasını geyinib. O, paytaxt klubunun heyətində 785 oyunda 307 qol vurub.
Karyerasını başa vurduqdan sonra Totti bir müddət “Roma”nın strukturunda fəaliyyətini davam etdirib. O, klubda baş məşqçinin köməkçisi və idman direktorunun assistenti kimi çalışıb.


