Futbol üzrə Argentina millisinin və Madrid “Real”ının cinah hücumçusu Franko Mastantuono bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
İspaniya nəhəngi Mastantuononu “Fiorentina”ya icarəyə verib. 18 yaşlı futbolçu 2027-ci il iyunun 30-na qədər A Seriyası təmsilçisinin heyətində çıxış edəcək.
Franko Mastantuono Argentinanın “River Pleyt” klubunun məzunudur. Hücumçu “milyonçular” üçün bütövlükdə 64 oyuna çıxıb, 10 qol və 7 məhsudlar ötürmə ilə fərqlənib. “Real” Mastantuononu 2025-ci ilin yayında tamhüquqlu əsasda heyətinə qatıb. Keçid “qaymaqlılar”a 45 milyon avro məbləğ müqabilində başa gəlib. Gənc futbolçunun İspaniya klubu ilə 6 illik (2031-ci ilin 30 iyununadək) müqaviləsi mövcuddur.
Mastantuono “Real”ın heyətində bütövlükdə 23 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Mastantuono 2025-ci ilin iyun ayında Argentina yığmasının heyətində debüt edib. O, millinin heyətində meydana çıxdığı 4 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Mastantuononun qənimətlər muzeyində “River Plyet”lə qazandığı Argentina Super Kuboku (2022/2023) var.
“Transfermarkt” internet-portalı 18 yaşlı argentinalı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.



