Fransisko Rodriqes La Liqa klubundan qovuldu

Fransisko Rodriqes İspaniya La Liqasında mübarizə aparan “Rayo Valyekano” komandasının baş məşqçi postundan qovulub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

45 yaşlı ispan mütəxəssislə müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb. Klub Rodriqesə göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Xatrırladaq ki, Fransisko Rodriqes “Rayo Valyekano”ya 2023-cü ilin yayında baş məşqçi təyin olunmuş və 1 illik (2024-cü ilin 30 iyununa qədər) müqavilə imzalamışdı. O, bu komandanı bütövlükdə 27 oyuna çıxarıb. “Rayo Valyekano” bu görüşlərdə 8 qələbə qazanıb, 9 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb.

Rodriqes daha öncə “Jirona”, “Elçe”, “Hueska”, “Kordoba”, “Luqo”, “Mursiya” və “Almeriya” kimi klublarda da baş məşqçi kimi çalışıb.

“Rayo Valyekano” İspaniya La Liqasının cari mövsümündə 24 oyuna topladığı 24 xalla 14-cü pillədə qərarlaşıb. Bu komanda çempionat oyunlarında 5 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətlə üzləşib.