Freddi Vudman “Liverpul”la yeni müqavilə imzaladı

İngiltərənin “Liverpul” klubunun ingilis qapıçısı, 29 yaşlı Freddi Vudman Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İngiltərəli qapıçının gələn ilin iyununda başa çatacaq sözləşməsi daha 2 il müddətinə artırılıb. Beləliklə, Vudman 2029-cu ilin 30 iyununa qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Freddi Vudman 2025-ci ilin yayından “Liverpul”da çıxış edir. “Qırmızılar” həmin vaxt bu qapıçını İngiltərənin digər klubu “Preston Nort End”dən azad agent kimi transfer etmişdi. Vudman “Liverpul”un heyətində indiyə qədər cəmi 4 oyuna çıxıb, 7 qol buraxıb.

Tam adı Frederik Con Vudman olan qapıçı “Kristal Pelas” və “Nyukasl Yunayted” klublarının yetirməsidir. O, karyerası ərzində “Hartlpul Yunayted”, “Kilmarnok”, “Aberdin”, “Suonsi Siti”, “Bornmut” kimi klubların da formasını geyinib.

Freddi Vudman İngiltərənin U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt etmək şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı qapıçının transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: